20 İyun 2022

Səyahət zamanı geniş gövdəli təyyarə seçməyin - 5 FAYDASI

Niyə geniş gövdəli təyyarələrə hətta çox uzun məsafəli olmayan uçuşlarda da üstünlük verilir?
Səyahət zamanı geniş gövdəli təyyarə seçməyin - 5 FAYDASI

Bu yaxınlarda AZAL yayda İstanbul və Dubaya uçuşların daha geniş və komfortlu “Boeing 767” və “Boeing 787” (Dreamliner) təyyarələrində həyata keçiriləcəyini açıqlamışdı. Soruşmaq olar ki bu Bakıya nisbətən yaxın, məsələn iki saatdan bir qədər çox uçan sərnişinlərə nə fayda verə bilər ki?!
Bununla belə, biz kiçik təhlil apardıq və öyrəndik ki, eyni istiqamətdə, eyni qiymətə olan aviabiletlə lakin iri gövdəli təyyarədə uçmağın beş üstünlüyü var və bunlar kifayət qədər ciddi üstünlüklərdir. 

1. Geniş oturacaqlar və daha çox ayaq yeri

Aviaşirkətlərin özləri bunu vurğulamağı xoşlayırlar. Hətta milli loukosterimiz “Buta Airways” tez-tez qeyd edir ki, digər loukosterlərlə müqayisədə “Buta”nın “Embraers” avialaynerində hündür adamlarda rahat şəkildə uça bilərlər. Bu, həqiqətən də doğrudur, çünki siz Avropanın digər aşağı büdcəli aviaşirkətləri (məsələn, WizzAir və ya Ryanair) ilə uçmusunuzsa, o zaman yəqin ki, qarşıdakı oturacağa dirənən dizlərinizə, bunun yaratdığı diskomforta diqqət yetirmisiniz. Geniş gövdəli təyyarələrdə 190 sm boyu olan sərnişin ekonom sinifdə belə kifayət qədər rahat olacaq.

2. Əl yükü üçün rəflərdə daha çox yer

Bu bənd xüsusilə soydaşlarımızın alış-veriş üçün tez-tez uçduqları Dubay və İstanbul kimi şəhərlərə uçuşlarda aktualdır. Düzünü desək, 10 kq əl yükü limitinə baxmayaraq, sərnişinlərin özləri ilə əlavə böyük çantalar və ya kürək çantaları və əlavə olaraq Duty Free-dən bir neçə bağlama apardıqlarını görürük. Əgər kiçik Airbus A320-də rəfləri qonşunuzun əşyalarını daha tez tutacaqsa və siz əl yükünüzün yarısını ayağınızın altına qoymalı olacaqsınızsa, o zaman arzuların laynerində - Dreamliner-də hamı üçün kifayət qədər yer var.

3. Şəxsi əyləncə sistemi

Söhbət hər bir sərnişinin oturacağında fərdi monitorlardan gedir. Böyük laynerlərdə, bir qayda olaraq, bu seçim mövcuddur. Siz kolleksiyadan istənilən filmə baxa, bütün uçuş ərzində istənilən janrda musiqi dinləyə və təyinat yerinə uçmaq üçün nə qədər vaxt qaldığını interaktiv xəritədən müntəzəm olaraq yoxlaya bilərsiniz. Kiçik təyyarələrdə bu mövzuda qətiyyən seçim yoxdur. Telefonunuzda və ya planşetinizdə oynamaq / izləmək üçün maraqlı bir şey yükləməyə vaxtınız yoxdursa, o zaman göyərtədəki əyləncədən - tavanın altındakı kiçik bir ekrandan tərs kimi sizin sevmədiyiniz filmi göstərə bilərlər. 

4. Daha çox bələdçi - daha yaxşı xidmət

Mülki aviasiyada hər bir təyyarə növündə bələdçilərin sayı ilə bağlı müəyyən standartlar var. Bir qayda olaraq, kiçik laynerlərdə təhlükəsizlik prosedurlarını və sərnişinlərə xidmət göstərmək üçün 2-3 bələdçi təyin edilir. Təbii ki, onların vəzifə öhdəliklərinə hər bir sərnişinin tələbatının ödənilməsi də daxildir, çünki bu, aviaşirkətin imicinə təsir edən əsas amillərdən biridir. Ancaq buna baxmayaraq, şıltaq sərnişinlər və tez-tez bələdçilərə müraciət edən uşaqlı sərnişinlər təyyarədə varsa, başqalarına dərhal xidmət göstərmək sırf fiziki cəhətdən daha çətin olacaq. Geniş gövdəli təyyarələrə isə müvafiq olaraq təxminən 5-7 bələdçi xidmət edir, nəticədə daha yüksək səviyyəli xidmət almaq sürəti artır.

5. Geniş tualet otağı

Təcrübədən göründüyü kimi, özümüz də daxil olmaqla, geniş gövdəli təyyarədə olan tualetlərin böyüklüyü uşaqlı sərnişinlər üçün xüsusilə aktualdır. Kiçik bir təyyarənin tualetində, körpənin paltarının və ya uşaq bezlərinin dəyişdirilməsi üçün masalar olsa da, onlar o qədər narahat və kiçikdirlər ki, bunu ya ayaq üstə, ya da artıq stulun özündə etməlisən. Bu isə qonşular üçün narahatlıq yaradır. Geniş gövdəli təyyarələrdə isə hətta əlil sərnişinlər üçün tualetlər var.

Nəticə
Təbii ki, səfər planlaşdırarkən hər bir sərnişin, ilk növbədə, öz büdcəsinə güvənir ki, bunun da böyük bir hissəsi aviabiletin qiymətidir. Bununla belə, bir sıra istiqamətlər üçün Bakıdan yola düşərkən, başqa amillərlə bərabər və seçim imkanı olduqda, mütləq təyyarənin növünə diqqət yetirməlisiniz (adətən aviabilet alarkən saytda qeyd olunur). Seçim varsa, o zaman böyük tipli təyyarələrə üstünlük verin. Bunu xüsusən də ailələri ilə səyahət edən sərnişinlərə məsləhət görərdik. Uzun uçuşlardan danışırıqsa, bu məqalədə təsvir olunan üstünlüklər tamamilə hər kəsə aiddir.

Həmişə gəzməkdə!
AviaTravel