3 Mart 2022, 11:18

Azərbaycan şirkətləri Rusiyadan turist axınına hazırlaşır

Azərbaycan şirkətləri Rusiyadan turist axınına hazırlaşır

Dünyanın əksər dövlətlərinin Rusiyaya qarşı tutduğu mövqe, tətbiq olunan sanksiyalar Rusiya vətəndaşlarının istirahətinə də mane olacaq. Belə ki, bu il rusiyalıların adətən yay aylarında üz tutduğu turistik məkanlara getmə şansları çox aşağı dərəcədədir. Avropanın Rusiyanın üzünə qapanmış hava məkanı, viza məhdudiyyəti, eyni zamanda Rusiya hökumətinin vətəndaşlara sanksiya tətbiq edən ölkələrə getməmə çağırışı bunu deməyə əsas verir.

Yaranmış vəziyyət həmçinin rusiyalı turistlərin istirahət üçün Azərbaycana üz tutacağını fikirləşməyə də əsas verir.

Turizm şirkətlərindən birinin rəhbəri Əziz Şiriyev də yay aylarında Avropaya gedə bilməyəcək turistlərin Azərbaycana böyük axınının gözləndiyini deyir:

“Müəyyən işlər görüb turistləri ölkəmizə cəlb etmək lazımdır. May ayında Rusiyada bayram tətili olur. Həmin vaxt üçün işlər görülməlidir. Çalışmaq lazımdır ki, məhz bu il fürsətdən yararlana bilək. Çünki Rusiyadakı daxili sosial-iqtisadi vəziyyət onlara gələn il istirahətə pul xərcləməyə imkan verməyəcək. Baş verəcək iqtisadi böhran buna mane olacaq. Biz Rusiya ilə həmsərhəd ölkə olduğumuz üçün həm quru, həm də hava yolu ilə əlaqələri saxlaya bilirik. Yəni uçuşlar üçün hansısa dövlətin üzərindən keçməyə ehtiyacımız yoxdur. Ucuz biletlərlə Rusiyanın müxtəlif şəhərlərindən uçuşlar təşkil edə bilərik. Bu istiqamətdə artıq işlər görülür, hazırlanan paketlər tezliklə Rusiya şirkətlərinə təklif olunacaq. May ayından etibarən Bakıda çox sayda rusiyalı turist görəcəyimizi ehtimal edirəm”.

Ə.Şiriyev bildirib ki, hazırda bu işlə Azərbaycanın bütün turizm şirkətləri məşğul olur. Artıq dünən sözügedən məsələlərin müzakirə olunduğu bir tədbir təşkil olunub.

“Hazırlayacağımız təkliflər paketləri müxtəlif təbəqələrin maddi durumuna uyğun olmalıdır. Turistlər üçün istirahət zonası olaraq əsasən Bakı, Bakı ətrafı rayonlar, Quba, Qəbələ nəzərdə tutulub”, - deyə şirkət rəhbəri əlavə edib.

Başqa bir turizm şirkətinin mütəxəssisi İnara Zamanova deyir ki, hazrda situasiyaya uyğun olaraq Rusiya bazarı üçün “guaranteed” turlar hazırlanıb. Həmin turlara hər həftənin cümə günləri qruplar yığılır:

“Turlar 2-7 günlük ola bilir. Turların daxilində nəinki Bakı, regionlar üzrə belə proqram hazırlanıb. Bunun üçün promouşunlar keçirilir və e-mail üzərindən göndərilir. Əlavə olaraq, fərdi turistlər üçün təkliflər var, onların istəklərinə və büdcələrinə uyğun olaraq özəl proqramlar 3, 4 və ulduzlu hotellərin bazasında hesablanır”.

İ.Zamanova vurğulayıb ki, yaxın müddətdə biznes üçün bir neçə sərgilər keçiriləcək.

“Orada iştirak edəcək rus şirkətlərinin sayı çoxdur, onlar üçün ayrıca paketlər mövcuddur. Mart ayının 15-17-də isə Moskvada turizm sərgisi təşkil olunacaq. Orada Azərbaycan şirkətlərinin də iştirakı planlaşdırılır. Əməkdaşlıq üçün şirkətlərlə görüşlər keçiriləcək və Azərbaycana qonaqları dəvət edəcəyik”.

Mütəxəssis nəzərdə tutulan qiymətləri də açıqlayıb:

“Hazırda bir nəfər üçün gün 2 gecəlik paket 138 ABŞ dolları təşkil edir. Paketə bunlar daxildir: hotel, transfer, səhər yeməyi, gəzinti, maşın, ekskursiyada gid ve baş aşpazdan master-klass, orada olan yemək”.

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi "Report"a bildirib ki, regionda baş verənlər bizi təəssüfləndirsə də, etiraf etmək lazımdır ki, Rusiyalı turistlərin dincələ biləcəyi ölkələrin sayı məhdud olduğu üçün onların Azərbaycana axını gözlənilr:

“İlkin hesablamalara görə, üzümüzə gələn yay mövsümündə Azərbaycan Rusiyadan əlavə olaraq 300-400 min turist qəbul edəcək. Bu rəqəmin daha çox olması da gözləniləndir. Hazırda bununla bağlı turizm şirkətlərinin üzərinə xeyli işlər düşür.

Çox istərdim ki, siyasi proseslər turizmə təsir göstərməsin. Amma əfsuslar olsun ki, bu mümkün deyil. Turizm elə bir iqtisadi sahədir ki, ona bir çox kənar amillər təsir göstərir. Bu təsir mənfi də ola bilər, müsbət də. Bizim üzərimizə düşən isə həmin təsirləri bacardığımız qədər yumşaltmaq və səmərəli nəticə əldə etməkdir”.

report.az