2 Yanvar 2022, 19:34

Azərbaycandan hara uçmaq olar? 2022-ci ilin əvvəlinə REYSLƏR VƏ QAYDALAR

Paytaxtın və regional hava limanlarından hansı ölkələr və hansı aviaşirkətlərlə səyahət edə biləcəyiniz haqqında xülasə
Azərbaycandan hara uçmaq olar? 2022-ci ilin əvvəlinə REYSLƏR VƏ QAYDALAR

Davam edən pandemiya, yeni bir ştam və peyvəndin əhəmiyyəti

COVID-19 pandemiyasından ən çox zərərçəkən sahələr - aviasiya və turizmə hələ də "dincəlməyə" imkan tapmamasına,  baxmayaraq, uğurlu peyvənd proqramları sayəsində bir çox ölkələr sərt qaydalar çərçivəsində olsa belə tədricən öz sərhədlərini açır və beynəlxalq hava nəqliyyatı tədricən bərpa olunur.

Bu yaxınlarda müəyyən edilmiş omicron adlı ştamm hava sərnişinləri üçün daha sərt qayda və prosedurlara səbəb oldu, lakin həm hökumətlərin, həm də Ümumdünya Səhiyyə Təşkilatının özünün əsas tövsiyəsi budur ki, hamı peyvənd olunmalıdır. Yyeni ştama qarşı 75% təsirli peyvəndin "gücləndirici" (üçüncü) dozasını almaq arzuediləndir. 

Xoşbəxtlikdən bu gün Azərbaycanda vaksinlərin alınması ilə bağlı heç bir problem yoxdur və ən yaxın klinikada onlayn qeydiyyatdan keçmək bir neçə dəqiqə çəkir. Eyni zamanda, seçmək üçün dörd müxtəlif peyvənd təklif olunur - CoronaVac, Pfizer / BioNTech, Vaxzevria və Rus Sputnik V. Qeyd etmək lazımdır ki, sonuncu hələ ÜST-nin rəsmi siyahısına salınmayıb, lakin bunun tezliklə həllini tapacağına dair fikirlər var və aydır ki, daha çox siyasi xarakter daşıyır (Rusiya ilə Qərb dövlətləri arasında gərgin münasibətlər baxımından).

Turizm üçün açıq olan ölkələr arasında hətta immunitetə dair sənədə (COVID pasportu və ya xəstəlikdən sağalma sertifikatı) baxmayaraq, ilkin olaraq PCR testindən keçmək şərti ilə qonaqları qəbul edənlər çoxdur. Bu yazıda biz pandemiya zamanı sərhəd nəzarətindən uğurla keçmək üçün getdiyiniz ölkənin sizdən tələb edə biləcəyi sənədlərlə bağlı şəhərlərin və aviaşirkətlərin xülasəsini hazırlamışıq. Həmişə olduğu kimi, AviaTravel sizə xatırladır ki, hadisələrin gözlənilməz sonrakı inkişafını nəzərə alaraq, yola düşməzdən əvvəl uçduğunuz ölkəyə giriş qaydaları ilə tanış olun, çünki onlar epidemioloji vəziyyətdən asılı olaraq şərtləri dəyişə bilər. Təbii ki, bir sıra ölkələrin Azərbaycan vətəndaşları üçün viza tələblərini də unutmayın.

Azərbaycan Hava Yolları və Buta Airways

Bugün milli aviadaşıyıcı və onun törəmə aşağıbüdcəli aviaşirkəti on ölkəyə - Rusiya, Türkiyə, İsrail, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Küveyt, Ukrayna, Gürcüstan və Qazaxıstana uçuşlar həyata keçirir.

Rusiyaya daxil olmaq üçün Azərbaycan vətəndaşlarından PCR testinin mənfi nəticəsi təqdim etmələri, həmçinin “COVID-19 olmadan səyahət” proqramını smartfonlarına yükləmələri tələb olunur. Test nəticəsi bu proqramın yaddaşına skan edilməlidir. AZAL Moskvanın iki hava limanına - Vnukovo və Domodedovo, aşağıbüdcəli Buta aviaşirkəti isə Moskva yaxınlığındakı Jukovskiyə uçuşlar həyata keçirir. AZAL sizi Mineralnıye Vodıya, “Buta Airways” də Həştərxana aparacaq. Rusiyaya daxil olmaq üçün qaydaların tam siyahısını milli aviadaşıyıcının saytında tapa bilərsiniz.

Türkiyə ölkəmizdə qəbul olunan bütün peyvəndləri tanıyır. Bu ölkəyə getməzdən ən azı 14 gün əvvəl minimum iki doza qəbul edə bilmisinizsə, əlavə sənədlərə ehtiyac yoxdur. Ölkə yalnız peyvənd olunmamış sərnişinlərdən mənfi PCR testi tələb edəcək. Qaydaların tam siyahısı buradadır. Türkiyənin İstanbul və Antalya şəhərlərinə AZAL-ın reysləri ilə, Ankara və İzmirə isə Buta Airways ilə getmək mümkündür. Yayda kurort istiqamətlərinin (Bodrum, Dalaman, Alanya və s.) açılması gözlənilir, lakin bu biletlər hələ satışda deyil.

İsrail hökuməti tərəfindən daha sərt qaydalar tətbiq edilib. Bu ölkəyə səfər edən əcnəbi vətəndaşlar ən azı 14 gün əvvəl və 6 aydan çox olmayan müddətə tam peyvənd sertifikatına malik olmalı, həmçinin ölkəyə gəldikdən sonra öz hesablarına COVID-19 testindən keçməli və 14 müddətinə karantinə alınmalıdırlar. Karantinin üçüncü günündə ikinci testdən keçərək mənfi nəticə əldə etməklə özünütəcrid müddətini qısaltmaq olar. AZAL ilə siz Bakıdan Təl-Əvivə uça bilərsiniz, bu linkdə qaydaları ətraflı oxumağınızdan əmin olun.

"Omikron" ştammının müəyyən edilməsindən sonra Böyük Britaniya da qaydaları sərtləşdirdi. AZAL-ın London reysləri ilə yola düşərkən nəzərə almaq lazımdır ki, burada da peyvəndin mövcudluğundan asılı olmayaraq, ölkəyə gəldikdən sonra öz vəsaitiniz hesabına koronavirus testi verməlisiniz. Yeri gəlmişkən, Sputnik V Böyük Britaniyada tanınmır, unutmayın. Peyvəndi olan sərnişinlər orada qaldıqları ikinci gündə, peyvəndsiz isə həm də səkkizinci gündə testdən keçməlidirlər. Test nəticələrini almazdan əvvəl özünüzü təcrid etməlisiniz. Həmçinin, İngiltərəyə getməzdən əvvəl sağlamlıq məlumatınız onlayn olaraq doldurulmalıdır, daha ətraflı burada göstərilmişdir.

EXPO-2020 dünya sərgisinə və ya sadəcə Dubayda tətilə gedə bilərsiniz, bir şərtlə ki, mənfi PCR test nəticəsi təqdim olunsun. Birləşmiş Ərəb Əmirliklərinə giriş qaydalarına əsasən, hava limanında sizdən pulsuz olaraq növbəti test alınacaq və həmin vaxta qədər özünüzü təcrid etmək üçün oteldə qalmalısınız. Xoşbəxtlikdən, cavablar tez gəlir (SMS şəklində 6-8 saat ərzində). Bu qayda COVID pasportunun olub-olmamasından asılı olmayaraq bütün sərnişinlərə şamil edilir. Təfərrüatlar bu linkdə.

Küveyt hökuməti də öz mobil tətbiqini hazırlayıb. AZAL-ın Küveytə reysləri ilə yola düşməzdən əvvəl onu mobil cihazınıza yükləməlisiniz. Yalnız iki peyvəndi ("Sputnik" istisna olmaqla), eləcə də koronavirus üçün mənfi PCR testi sertifikatı olan sərnişinlərə ölkəyə girişə icazə verilir. Bu sənədlərin olmasına baxmayaraq, siz 7 günlük karantinə göndəriləcəksiniz və bu karantin müddəti öz vəsaitiniz hesabına yenidən testdən keçməklə azaldıla bilər. Bütün təfərrüatlar, eləcə də istisnalar aviadaşıyıcının bu səhifəsində verilmişdir.

Gürcüstan da omikron ştammının aşkarlanmasından sonra qaydaları bir qədər sərtləşdirərək, bir neçə ölkəni “qırmızı siyahı”ya saldı. Bu siyahıda Azərbaycan yoxdur və “Buta Airways”lə Tbilisiyə uçarkən, sadəcə olaraq, tam peyvənd sertifikatı və ya son 100 gündə xəstə olduğunuz barədə arayış təqdim etməlisiniz. Bu sənədlər olmadıqda, sizdən PCR testi tələb olunacaq, yoxsa, 8 günlük özünütəcrid üçün öz vəsaitiniz hesabına otelə göndəriləcəksiniz. Müntəzəm olaraq, yenilənən qaydaları burada tapa bilərsiniz. 

ÜST-nin təsdiq etdiyi peyvəndlərdən vurdursanız, Ukraynaya asanlıqla gedə bilərsiniz. PZR testinin mənfi nəticəsi əsasında Buta Airways reysləri ilə Kiyevə uçmaq mümkündür, lakin bu halda artıq bu ölkədə olarkən daha bir sınaqdan keçmək lazım gələcək. Sərhəd nəzarətindən keçərkən peyvənd olunmamış sərnişinlər “Vdoma” mobil tətbiqini quraşdırmalıdırlar, çünki onlar COVID-19 üçün ikinci testin nəticəsi verilməzdən əvvəl özünü təcrid etməyə göndərilir, daha ətraflı.

Qazaxıstan hakimiyyəti xarici vətəndaşların ölkəyə girişi üçün Ukraynadakı kimi qaydalar müəyyən edib. Burada sizdən peyvənd sertifikatı və ya koronavirus testinin mənfi nəticəsi olan sertifikat tələb olunacaq. Amma indiki məlumata görə, Azərbaycanın “covid-pasportu” hələ Qazaxıstanda qəbul olunmur, ona görə də AZAL-ın Almatı reysləri ilə yola düşməzdən əvvəl hələ də COVİD-19 testi verməlisiniz.

Digər aviaşirkətlər

Yuxarıda Azərbaycandan uçuşların həyata keçirildiyi demək olar ki, bütün ölkələri əhatə etdik. Biz qaydaları təkrar etməyəcəyik (yuxarıda qeyd olunmayanlar istisna olmaqla), Bakıya və bəzi regional hava limanlarına uçuşlar həyata keçirən xarici aviaşirkətlərin uçuşlarının xülasəsini təqdim edirik.

● Türk Hava Yolları - İstanbul (bu şəhərə Gəncə və Naxçıvandan da uçuşlar var), Türkiyə;

● Pegasus - İzmir, Türkiyə;

● Aeroflot - Moskva, Rusiya;

● UIA - Kiyev, Ukrayna;

● Bees Airlines Gəncə hava limanından Odessaya (Ukrayna) uçuşlar həyata keçirir;

● WizzAir - Budapşet, Macarıstan (Azərbaycan vətəndaşları PCR testi təqdim edə bilərlər, çünki COVID pasportu Avropa İttifaqında hələ qəbul edilməmişdir. Ətraflı məlumat). Macarıstanın aşağı büdcəli aviaşirkətləri də Bakıdan Abu Dabiyə (BƏƏ) uça bilər;

● Lufthansa - Frankfurt, Almaniya (Sputnik V istisna olmaqla, peyvəndin iki dozasının təsdiqi, siz daxil olmamışdan əvvəl onlayn formanı da doldurmalısınız. Ətraflı məlumat);

● Belavia - Minsk, Belarusiya (peyvənd sertifikatı və ya PCR testi. Ətraflı məlumat);

● Air Arabia - Sharjah, BƏƏ;

● flyNas - Səudiyyə Ərəbistanının şəhərləri - Ər-Riyad və Dammam;

● Jazeera və Küveyt Hava Yolları Bakıdan Küveytə uçur;

● Air Astana - Almatı, Qazaxıstan;

● NordWind - Rusiya şəhərləri: Çelyabinsk, Nijni Novqorod, Samara, Soçi, Ufa, Krasnodar, Sankt-Peterburq, Voronej, Kalininqrad, Yekaterinburq, Rostov;

● S7 - Moskva (“Domodedovo”), Krasnodar, Mineralnıye Vodı, Həştərxan, Samara, Volqoqrad, Novosibirsk;

● “Azimut” - Min.Vody, Rostov;

● PegasFly (həmçinin İkar Hava Yolları kimi tanınır) - Krasnodar, Kazan, Orenburq, Min.Vody, Vladiqafqaz;

● IrAero - Krasnoyarsk, Samara;

● Ural Hava Yolları - Novosibirsk, Moskva (“Jukovski”), Min.Vody, Kazan, Krasnoyarsk, Samara;

● Utair - Surqut.

Gördüyünüz kimi, azərbaycanlı səyahətçi üçün nəzərdə tutulan istiqamətlərin siyahısı o qədər də kiçik deyil. Və yadınızdadırsa, biz sizə yanvardan mart ayına qədər aviaşirkətlərdə iş yükünün az olduğu, buna görə də aviabiletlərin daha sərfəli qiymətləri olduğunu demişdik. Şübhəsiz ki, onların bir çoxu artıq endirimlər və promosyonlar təklif edib və onları necə qaçırmamaq barədə portalımızdakı bu məqalədə öyrənəcəksiniz.